55°42′21″ şm. e. 13°11′36″ ş. u.HGYO

Lund Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lund Universiteti
Loqonun şəkli
Xəritə
55°42′21″ şm. e. 13°11′36″ ş. u.HGYO
Əsası qoyulub 1666
Tip Dövlət
Rektor Per Erikson
Tələbə sayı 40.000[1]
Ölkə
Sayt lu.se
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lund Universiteti (isv. Lund University) — İsveç Krallığının Skaniya əyalətində, Lund şəhərində yerləşən və Şimali Avropanın ən nüfuzlu ali təhsil ocaqlarından biri.

1666-cı ildə İsveç Krallığı tərəfindən yaradılmışdır. Bu universitet həmin dövrdə İsveç Krallığının rəhbərliyi altında olan beşinci universitet oldu (Uppsala Universiteti1477, Tartu Universiteti1632, Abo Universiteti1640, Qraysvald Universiteti1456).

Yeni yaradılmış universitet İsveç kralı X Karl Qustavın şərəfinə Karolina Akademiyası adlandırılır. Universitetdə 4 fakültə - hüquq, ilahiyyat, tibb və fəlsəfə fakültələri fəaliyyətə başlayır. Bu sistem ali məktəbdə 200 il davam edir. Fəaliyyətinin ilk vaxtlarında universitetdə 100-ə yaxın tələbə oxuyur, burada Samuil Pufendorf, Kanutus Han və Kristian Papk kimi dahi filosoflar çalışır. 1676-1682-ci illəri əhatə edən Skaniya müharibəsi ali məktəbdə dərslərin dayandırılmasına səbəb olur. Karolina Akademiyası müharibədən sonra fəaliyyətə başlasa da, o qədər də böyük statusa malik olmur, mühazirələr zəif olur, müəllimlərin əməkhaqqı ödənilmir və s.

1713-cü ildə İsveç kralı XII Karl Lund şəhərinə daxil olur və buranı özünün daimi iqamətgahı seçir. O, müharibə ekspedisiyaları zamanı bu şəhərdə üç il qalır. Məhz bu səbəbdən həmin dövrlərdə Lund şəhəri diqqət mərkəzində olur. Universitetin nüfuzunun artmasının digər bir səbəbi də dahi alim Andreas Rideliusun bu akademiyada çalışması idi. 1718-ci ildə XII Karlın ölümündən sonra, nəhayət, sülh bərqərar olur və XVIII əsrdə universitetin inkişafı üçün vəsait toplanır. Tezliklə tələbələrin sayı 500 nəfərədək çoxalır. 1760-cı ildə universitet qazandığı nüfuzunu itirir, tələbələrinin sayı xeyli azalır. Universitet 1780-ci ildə filologiya sahəsi üzrə çalışan müəllimlərin, xüsusilə məşhur İsveç yazıçısı, yunan dili üzrə professor İsayya Teqnerin səyi nəticəsində yenidən əvvəlki nüfuzunu bərpa edir. O, bir çox şəxslərin universitetə cəlb olunmasına səbəb olur. Onlardan biri qədim dilləri öyrənən və sonradan yunan dili üzrə professor olan gənc seminariya tələbəsi Brunius olur. Brunius sonradan memarlıqla məşğul olur və Lund şəhərində bir neçə bina, əyalətlərdə isə kilsə tikir.

XIX əsrdən Karolina Akademiyası Lund Universiteti adlandırılır. Bu ali məktəbə qəbul olunan ilk qız tələbə 1880-ci ildə tibb fakültəsinə daxil olmuş Hedda Anderssondur. 1910-cu ildə universitetin doktorantura pilləsini bitirmiş Hilma Borelius ilk qız tələbədir. 1965-ci ildə universitetdə professor təyin edilən ilk qadın tarixçi isə Birgitta Odendir. 1992-ci ildə biznes hüququ üzrə professor Boel Flodqren ali məktəbin rektoru təyin edilir. O, həmin vaxta qədər Avropa universitetlərinə rəhbərlik edən ilk qadındır.

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Lund Universitetinin tələbələri şəhər əhalisinin böyük hissəsini təşkil edir. Avropanın qədim şəhərlərindən biri olan Lund tarixi abidələri, memarlıq nümunələri, muzeyləri, kilsələri, eləcə də müasir binaları, parkları, kafe və restoranları, mağazaları ilə diqqəti cəlb edir. Şəhərin ən məşhur hissəsi Lundun mərkəzindəki qədim Lund kilsəsidir. Burada tez-tez mədəni və əyləncəli tədbirlər, festivallar təşkil olunur. Şəhərdə ictimai nəqliyyat çox rahat və əlverişlidir, lakin əhali nəqliyyat vasitəsi kimi daha çox velosipedə üstünlük verir. Lund və Malma şəhərlərini, eləcə də digər əraziləri birləşdirən dəmiryolu stansiyası şəhərin mərkəzində yerləşir. Qədim ənənələrin müasir və fəal tələbə həyatı ilə birləşməsi bu şəhərin həyatını daha da rəngarəng edir. Lund Universitetinin binaları şəhərin müxtəlif rayonlarında yerləşir. Ali məktəbin əsas inzibati hissəsi Lundun mərkəzindədir. Ali məktəbin inzibati binası 1882-ci ildə memar Helgo Zettervall tərəfindən inşa edilib.

Helsinqborq, Malma və Ljunqbihed şəhərlərində də universitetin kampusları mövcuddur. Helsinqborq şəhəri Lunddan qatarla 40 dəqiqəlik məsafədə, Eresunn boğazı sahilində yerləşir. Ali məktəbin Xidmət idarəetməsi, Kommunikasiya tədqiqatları departamentləri, İctimai Fəaliyyət Məktəbi və Mühəndislik fakültəsinin filialları bu şəhərdədir. Burada universitetin 3000-nə yaxın tələbəsi oxuyur. Malma İsveçin üçüncü böyük şəhəridir və onu Lund şəhərindən 15 dəqiqəlik qatar yolu ayırır. Malmada Lund Universitetinin Təsviri incəsənət və ifaçılıq sənəti fakültəsi, İsveçin ən nüfuzlu xəstəxanalarından olan Skone Universitet Hospitalı yerləşir, ali məktəbin çoxlu sayda əməkdaşı və tələbələri yaşayır. Ljunqbihed şəhəri Lunddan şimalda 1 saat qatar yolu məsafəsindədir və burada universitetin Lund Aviasiya Məktəbi fəaliyyət göstərir.

Lund Universiteti 275 təhsil proqramı, 2000-dən çox xüsusi fənn kursları, ingilis dilində 80 magistr proqramı, 500 xüsusi fənn kursu təklif edən 7 fakültə və 2 məktəbdən ibarətdir. Eyni zamanda ali təhsil müəssisəsinin çoxlu sayda institut və elmi-tədqiqat mərkəzləri mövcuddur.

Mühəndislik fakültəsi 1961-ci ildə müstəqil yaradılıb və 1969-cu ildə universitetə birləşdirilib. Fakültə hazırda Lund Universitetinin tərkibində fəaliyyət göstərən böyük institutdur (Lund Texnologiya İnstitutu). Ənənəvi mühəndislik proqramları (mühəndislik-fizika, elektrotexnika, maşınqayırma, mülki quruculuq, memarlıq, kimya maşınqayırması) ilə yanaşı, fakültə yeni sənaye mühəndisliyi və idarəolunması, yanğın təhlükəsizliyi texnikası, biokimya mühəndisliyi, hesablama texnikası, ekologiya mühəndisliyi, topoqrafiya, informasiya texnologiyaları, mühəndislik riyaziyyatı, nanomühəndislik, sənaye dizaynı, riskin, texnologiyaların idarəolunması, sənaye elektrotexnikası və avtomatlaşdırma proqramları təklif edir. Fakültə lazer fizikası, biotexnologiya, nanotexnologiya və s. proqramların tədrisi üzrə dünya lideridir. Fakültə İsveçin ilk tədqiqat mərkəzi "İdeon", beynəlxalq "Alfa Laval", "Ericsson", "Gambro", "Tetra Pak" şirkətləri ilə əməkdaşlıq edir.

Dəqiq elmlər fakültəsi 8 bölmədən - Astronomiya və nəzəri fizika, Biologiya, Kimya, Fizika, Radiasiya fizikası, Riyaziyyat elmləri mərkəzi, Ekologiya və iqlim tədqiqatları mərkəzi, Yer və ekosistem elmləri departamentlərindən ibarətdir. Fakültə Sokrat, TEMPUS, Avropa Birliyi-Kanada, Avropa Birliyi-ABŞ tələbə mübadiləsi proqramlarında iştirak edir, Nordplus proqramı çərçivəsində Kopenhagen Universiteti ilə ikitərəfli razılaşma əldə edib.

Tibb fakültəsi universitet yarandığı gündən fəaliyyət göstərir və Avropanın aparıcı tibb məktəbidir. Tibb fakültəsinə Lund və Malma şəhərlərində fəaliyyət göstərən 6 bölmə - Eksperimental tibbi elmlər, Sağlamlıq elmləri, Kliniki elmlər, Lund, Malma Laborator tibb departamentləri aiddir. Hər bir departament, öz növbəsində, bir neçə bölməyə ayrılır. Fakültə əsas eksperimental və tətbiqi elmlərdən başlayaraq kliniki təcrübə, tibbin bütün sahələrini əhatə edir və Avropanın ən nüfuzlu tibb məktəblərindən biridir.

İctimai elmlər fakültəsi Lund və Helsinqborq şəhərlərində fəaliyyət göstərir. Fakültə sülh və münaqişələrin aradan qaldırılması, gender tədqiqatları, coğrafiya informasiya sistemləri, insan ekologiyası, media və kommunikasiya, təhsil, psixologiya, sosiologiya hüququ, insan coğrafiyası, menecment, sosial antropologiya, ictimai fəaliyyət, sosiologiya, siyasi elmlər, strateji kommunikasiya, inkişaf tədqiqatları sahələri üzrə tədqiqatlar aparan 8 bölmə - Gender tədqiqatları, Kommunikasiya və media, İnsan coğrafiyası, Siyasi elmlər, Psixologiya, Sosiologiya, Xidmətlərin idarəolunması, Sosial fəaliyyət, Sosial hüquq departamentləri fəaliyyət göstərir. Fakültənin Lund şəhərində xüsusi kitabxanası mövcuddur. İctimai elmlər fakültəsi bir çox dünya universitetlərinin eyniadlı fakültələri ilə sıx əməkdaşlıq edir.

Humanitar elmlər və ilahiyyat fakültəsində ingilis və digər dillərdə bir çox kurs və proqramlar təklif olunur. Fakültənin Dil və ədəbiyyat, İlahiyyat və dinşünaslıq, Arxeologiya və qədim tarix, Kulturologiya, Kommunikasiya və media, Fəlsəfə departamentləri mövcuddur.

Hüquq fakültəsi Lund Universitetinin yarandığı gündən fəaliyyət göstərir. Fakültənin təhsili tədqiqatlara əsaslanıb. Fakültə dünyanın bir çox universitetləri ilə əməkdaşlıq edir və burada tələbə mübadiləsi proqramı çərçivəsində tələbələr qəbul olunur. Hüquq fakültəsinin binaları Lund şəhərinin tarixi mərkəzində yerləşir. Fakültənin kitabxanası Skandinaviyanın bu sahə üzrə ən böyük kitabxanasıdır.

Təsviri incəsənət və ifaçılıq sənəti fakültəsi Malma şəhərində yerləşir. Malma Musiqi, Rəssamlıq, Teatr akademiyaları bu fakültənin nəzdində fəaliyyət göstərir. Akademiyalar xüsusi profilə malik olsalar da, Təsviri incəsənət və ifaçılıq fakültəsi ilə sıx əməkdaşlıq edirlər. Fakültədə mütəmadi olaraq sərgilər, konsertlər, tədbirlər və s. təşkil olunur.

İqtisadiyyat və İdarəetmə Məktəbinin yaranma tarixi 1750-ci ilə təsadüf edir və məktəbin 8 fakültəsindən biridir. Məktəb daxilində Menecment, İqtisadiyyat, İqtisadiyyatın tarixi, Biznes hüququ, İnformasiya sistemləri, Statistika departamentləri, Siyasət, İqtisadi Tədqiqatlar institutları, İqtisadi demoqrafiya, Aqrosənaye İqtisadiyyatı mərkəzləri fəaliyyət göstərir.

Aviasiya Məktəbi bu sahə üzrə dünyada az sayda ali təhsil ocaqlarından biridir. Lund Aviasiya Məktəbi təlimatçılarının əsas məqsədi tələbələri yüksək səviyyəli uçuşlar həyata keçirmək, bu məqsədlə ən yeni metodları tətbiq etməyi öyrətməkdir. Bu məramı həyata keçirmək üçün məktəb unikal imkanlara malikdir. Məktəbdə uçuş layihələri üzrə ən yeni tədqiqatlar və işləmələr həyata keçirilir. Aviasiya Məktəbinin bir çox təlimatçıları müxtəlif özəl aviaşirkətlərdə uçuş ekipajı kimi çalışırlar. Məktəb maraqlı olan bütün tərəflərlə əlaqələr qurur. Burada aviasiyada insan faktorları və uçuşların təhlükəsizliyi üzrə Tədqiqat və inkişaf (R&D) proqramı mövcuddur. 2006-cı ildən məktəbdə İnsan faktoru magistr proqramı tədris olunur.

Lund Universitetinin əsas tədris və tədqiqat mərkəzlərindən biri də Helsinqborq kampusudur. Kampusda tələbə, müəllim, tədqiqatçı və təşkilatlar üçün geniş imkanlar yaradan iclas və tədbirlərin təşkili ənənəsi mövcuddur. Helsinqborq kampusunda təkcə İsveçdə deyil, bütün Avropada unikal olan tədris proqramları və müstəqil kurslar təklif edilir, regional inkişaf layihələri həyata keçirilir.

Lund Universitetinin vitse-kansleri professor Per Erikson, pro-vitse-kansleri isə xanım Eva Akessondur. Ali məktəbdə ümumilikdə 6000-ə yaxın əməkdaş çalışır. İşçilərin 1360 nəfərini professor-müəllim, qalanlarını isə inzibati heyət təşkil edir.

Ali məktəbin tələbələrinin ümumi sayı 46000-ə qədərdir. Tələbələrin 28000-i əyani, qalanları isə qiyabi təhsil alanlardır. Universitetdə 2800-dən çox doktorant tədqiqat aparır. Lund Universiteti dünyanın 50 ölkəsində yerləşən 680 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Universitetdə 3000-dən çox əcnəbi, tələbə mübadiləsi proqramı çərçivəsində isə 2000 tələbə oxuyur.

Lund kiçik tələbə şəhəridir və burada yataqxanaların sayı məhduddur. Bu səbəbdən tələbələrə Lund şəhərinə gəlməzdən öncə qalmaq üçün yer axtarmaları tövsiyə olunur. Bunun üçün tələbələr Lund Universiteti Beynəlxalq Mənzil Ofisinə və ya universitetin Mənzil Agentliyinə müraciət edə bilər. Lund Universitetində əyani təhsil alan əcnəbi (Avropa Birliyi və Avropa iqtisadi məkanı ölkələrini təmsil etməyən), Linnaeus-Palme təqaüdü alan, tələbə mübadiləsi proqramı çərçivəsində Kaliforniya Universitetindən gələn tələbələrin yataqxana ilə təmin olunmasına zəmanət verilir. Universitetə qəbul edildikdən sonra bu tələbələr yataqxanalarda yerləşmə hüquqları olduqları haqqında elektron məktub alır. Həmin məktubda Beynəlxalq Mənzil Ofisində qeydiyyatdan keçmək üçün müvafiq link göstərilir. Beynəlxalq Mənzil Ofisi "Gamla Kirurgen" binasında fəaliyyət göstərir. Lund şəhərinin şimalında yerləşən Delfi yaşayış ərazisi universitetin ən böyük yataqxana kompleksidir. Beynəlxalq Mənzil Ofisinin təklif etdiyi otaqların qiyməti yataqxananın yerləşdiyi rayondan və otaqdan asılı olaraq dəyişir. Hazırda qiymətlər bir semestr ərzində 13000-22000 İsveç kronu arasında dəyişir. Bu məbləğə elektrik, su, istilik, mətbəxdən və camaşırxanadan istifadə qiymətləri də daxildir. Ödəniş semestrin əvvəlində edilməlidir, əks halda, otaq tələbədən geri alınır. Tələbələr əksər hallarda xüsusi evlərdə, mənzillərdə kirayə qalırlar.

Lund Universiteti yüz illərdir ki, özündə Avropa ənənələrini qoruyan və dinamik inkişaf edən qədim ali təhsil ocağıdır. Ali məktəb İsveçin və Skandinaviyanın ən güclü elmi-tədqiqat universitetlərindən biridir. Universitet yüksək səviyyəli ixtisaslaşmış müəllimlərə, təhsilin əhəmiyyətini anlayan, məntiqli düşünmə və yaradıcılıq qabiliyyəti olan tələbələrə malikdir. Bu gün Lund Universiteti belə bir münbit mühitdə fəaliyyət göstərir və inamla sabaha addımlayır.

Universitetin kitabxanası 1666-cı ildən fəaliyyət göstərir və İsveçin ən qədim, eləcə də böyük tədqiqat kitabxanalarından biridir. İldə 620000-dən çox istifadəçiyə xidmət edən kitabxana informasiya resurslarının qorunması və saxlanması, effektiv emalı, yayılmasında önəmli rola malikdir. Burada 2000-dən çox yaşı olan, müxtəlif dillərdə çap edilmiş, bütün sahələri əhatə edən materiallar qorunur. Ali məktəbin kitabxana sisteminə Lund, Helsinqborq, Malma və Ljunqbihed şəhərlərində yerləşən 33 sahə kitabxanası aiddir. Universitetin kitabxana sisteminin elektron resurslarına 15000 elektron jurnal, minlərlə elektron kitab, lüğət, ensiklopediya, 500 verilənlər bazası və s. daxildir. Elektron resurslar Lund Universiteti kitabxanasının Baş Ofisi tərəfindən idarə edilir. Kitabxana elmi informasiya resurslarına azad və ödənişsiz onlayn girişi təmin edir, tələbə dissertasiyalarının elektron nəşri üçün müxtəlif xidmətlər təklif edir. Universitetin tədqiqatçılarına elmi işlərini oxucular tərəfindən rahatlıqla əldə edilən jurnallarda dərc etdirmək tövsiyə olunur.

2009-2010-cu tədris ilində Lund Universitetinin illik gəlirləri 6191573000 İsveç kronu olub. Həmin məbləğin 3540840000 kronu təsisatlar, 1997354000 kronu müxtəlif qrantlar, 629142000 kronu təhsil haqqı, qalanları isə digər gəlirlər hesabına əldə olunub. Universitetin xərcləri isə həmin ildə 5744245000 İsveç kronu olub. Bu vəsaitin 3403869500-ni əməkdaşların əməkhaqqı, 1274058000-ni əməliyyat, 827287000-ni tikinti və təmir xərcləri, qalanlarını isə digər məsrəflər təşkil edib.

Lund Universitetində yerli və Avropa Birliyi, eləcə də Avropa iqtisadi məkanı ölkələrini təmsil edən tələbələr ödənişsiz təhsil alır. Əcnəbi tələbələr isə təhsil haqqı ödəməlidirlər. Bakalavr pilləsində onların təhsil haqqı ildə 90000 İsveç kronu (9500 avro) təşkil edir. Təhsil haqqı İsveç kronu ilə ödənilməlidir. Tələbə qeydiyyatdan keçmək üçün 900 İsveç kronu (100 avro) verir. Universitetin magistratura və doktorantura pillələrində təhsil haqqı tələbənin seçdiyi proqrama görə fərqlənir.

Lund Universitetinin təqaüd proqramı Avropa Birliyi və Avropa iqtisadi məkanından kənar ölkələri təmsil edən tələbələr üçün nəzərdə tutulub. Təqaüd təhsil haqqının 25-100% dəyərinə qədər müəyyənləşib. Erasmus Mundus proqramı çərçivəsində təhsil alanlar üçün xüsusi təqaüdlər mövcuddur.

İsveçdə yaşamaq insanlara baha başa gəlir, lakin aylıq büdcəsi 7800 İsveç kronu (təxminən 1140 dollar və ya 866 avro) təşkil edən tələbə bu ölkədə yaşaya bilər. Göstərilən məbləğin 2300 kronu tələbənin aylıq qidalanması, 2500-3300 kronu yataqxana, 400-1000 kronu kitab ləvazimatları, 1500 kronu şəxsi xərclərə və s. sərf olunur.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Lund Universiteti London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi ilə birgə 100 ən yaxşı ali məktəb arasında 67-ci yerdə olmuşdur.

"Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, bu ali təhsil müəssisəsi 89-cu, "QS World University Rankings"in açıqlamasına görə isə 72-ci yerdə qərarlaşmışdır.

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Utrext Şəbəkəsinin üzvüdür.[3] "Universitas 21"-ə daxildir[4].

Məşhur məzunları

[redaktə | mənbəni redaktə et]

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

  1. https://web.archive.org/web/20180628055103/https://www.lunduniversity.lu.se/about/about-lund-university/facts-and-figures.
  2. 1 2 Public register of government agencies in Sweden.
  3. Who are the members Arxivləşdirilib 2009-01-07 at the Wayback Machine. utrecht-network.org  (ing.)
  4. "Universities 21 - Members". 2011-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]