Yohannes Yensen
Yohannes Yensen | |
---|---|
dan. Johannes Vilhelm Jensen | |
Doğum adı | Johannes Vilhelm Jensen |
Doğum tarixi | 20 yanvar 1873[1][2][…] |
Vəfat tarixi | 25 noyabr 1950[1][3][…] (77 yaşında) |
Vəfat yeri | |
Uşaqları | 3 |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, romançı, esseist, jurnalist, felyetonçu[d], müxbir, heykəltaraş |
Yohannes Yensen Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Yohannes Vilhelm Yensen (dan. Johannes Vilhelm Jensen; 20 yanvar 1873[1][2][…] – 25 noyabr 1950[1][3][…], Kopenhagen[3]) — danimarkalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1944).
Həyatı
[redaktə | mənbəni redaktə et]İkinci dünya müharibəsinin başlanması ilə İsveç Akademiyası bütün sahələr üzrə Nobel mükafatının verilməsini dayandırmışdı. Proses savaşın artıq başa çatmaqda olduğu 1944-cü ildə bərpa edildi. Danimarka yazıçısı Yohannes Vilhelm Yensen müharibədən sonrakı dövrün ilk laureatı oldu.
Danimarkalı veterinar oğlu təhsilini evdə — valideynlərindən almışdı. Sonra yerli məktəbdə, özəl müəllim yanında və Vıborq kafedral məktəbində oxumuşdu. Nəhayət, ali təhsilini Kopenhagen universitetində tamamlamışdı. Burada tibb və təbiət elmləri üzrə ixtisaslaşsa da, ədəbiyyata böyük maraq göstərmişdi. Danimarka müəllifləri ilə bir sırada Şekspir, Heyne, Zolya yaradıcılığını diqqətlə öyrənmişdi. Sevimli sənətkarları sırasına Knut Hamsun və Redyard Kiplinq də daxil idi.
Yohannes Yensen tələbəlik dövründə İvar Lyukke təxəllüsü ilə silsilə detektiv romanlar yazmaqla həyatını təmin edirdi. Belə romanlardan birinin qonorarı ilə 1896-cı ildə ilk dəfə ABŞ-də olmuş, ölkədə gördüyü zənginlik və tərəqqidən heyrətə gəlmişdi. Amerikada həmvətənlərinin həyatı onu daha çox maraqlandırırdı. Kopenhagenə qayıtdıqdan sonra avtobioqrafik məqamların yer aldığı "Eynar Elker" (1897) romanını çap etdirmişdi. Əsər ədəbi mühitdə müsbət qarşılanmışdı.
Bu uğurdan ruhlanan Yensen tibb təhsilinin daşını atmaq qərarına gəlmişdi. Növbəti ildə isə müxbiri olduğu "Politika" qəzeti onu ispan-amerikan müharibəsini işıqlandırmaq məqsədi ilə İspaniyaya ezam etmişdi. 1902-1903-cü illərdə yazıçı özünün ilk dünya səyahətinə çıxmışdı. Müxtəlif ölkələrdə üzləşdiyi hadisələr və qarşılaşdığı insan tipləri onun əsərlərinin əsas qida mənbəyi idi.
Kiçik vətəninin — Yutlandiya sakinlərinin həyat tərzi və adət-ənənələrindən bəhs edən "Himmerləndin insanları" (1898) realist hekayələri Yenseni yazıçı kimi daha yaxşı tanıtdı. "Yeni Himmerlənd tarixçələri" (1904) və "Himmerlənd tarixçələri. Üçüncü cild" (1910) kitablarında müəllif ədəbi tənqidin və oxucuların məmnunluq hissi ilə qarşıladıqları mövzunu uğurla davam etdirmişdi.
Danimarka kralı II Kristianın həyatından bəhs edən üç cildlik "Kralın süqutu" romanını başa çatdıranda (1901) Yensenin vur-tut 28 yaşı vardı. İndiyə qədər Danimarka tarixi romanının diqqətəlayiq nümunələrindən biri kimi gündəmdə qalan bu əsərdə müəllif mifik və realist ünsürləri məharətlə sintez edə bilmişdi. 1906-cı ildə isə Yensen ilk poetik məcmuəsini — "Şeirlər" kitabını çap etdirmişdi.
1912-ci ildə yazıçı ikinci dəfə dünya səyahətinə çıxmışdı. Bu səyahəti zamanı o, avropalılar üçün ekzotik təsir bağışlayan Seylon, Sinqapur, Çin, Monqolustan kimi ölkələri gəzib dolaşmışdı. Səfər təəssüratları bir neçə il sonra "Dövrümüzə giriş" (1915) kitabında əks olunmuşdu.
Yensen yaradıcılığı mövzu və janr baxımından rəngarəng idi. O, əsərlərində bədiilik və elmilik ünsürlərini məharətlə uzlaşdırmağı bacarırdı. 1922-1924-cü illərdə Yensen altı cildlik "Uzun səyahət" kitabını çap etdirmişdi. Ədəbi janrını müəyyənləşdirmək bir qədər çətin olan bu əsərdə yazıçı təkamül təlimlərinini bədiiliyin qanunları ilə izah etməyə çalışırdı. Onun fikrincə, sərt təbiət şərtləri insanı həyata hazırlayan, onun güclü və bacarıqlı olmasına kömək edən mühüm amillərdən biridir. Ümumiyyətlə, yaradıcılığı boyu Yensen müxtəlif elmi və fəlsəfi problemlərin bədii-populyar izahına həsr olunmuş on iki cild əsər yazmışdı.
Üçüncü və sonuncu dünya səyahətinə 1925-ci ildə çıxan yazıçı vətənə qayıtdıqdan sonra insan və təbiətin təkamülü probleminə toxunan "Şüurun əsas xətləri" (1927) traktatıtını başa çatdırmışdı. 30-cu illərdən başlayaraq həyatının sonuna qədər Yensen artıq elmi dərinlik və dəyərindən daha çox üslubunun cəlbediciliyi ilə seçilən esselər yazmağa meyl göstərirdi.
Yensen siyasətə qarışmadığını, siyasi proseslərin fövqündə olduğunu dəfələrlə vurğulasa da, alman orduları Danimarkanı işğal etdikləri zaman Hitler və nasizmin ünvanına kəskin sözlər söyləməkdən çəkinməmişdi. Faşistlərin əlinə düşməməsi üçün o, gündəliklərinin və şəxsi yazışmalarının bir hissəsini məhv etmişdi.
İsveç Akademiyası 1944-cü ildə ədəbiyyat üzrə Nobel mükafatının növbəti sahibi kimi Yohannes Yensenin adını açıqladı. Mükafat ona "intellektual maraq və özünəməxsus yaradıcılıq üslubunun nadir gücə və zənginliyə malik poetik təxəyyüllə məharətlə uzlaşdırılmasına" görə verilmişdi.
Təqdimat mərasimi növbəti il keçirilmişdi. İsveç Akademiyasının üzvü Anders Esterlinq Yensenin geniş ədəbi irsinin "ən müxtəlif epik və lirik janrları, romantik və realist əsərləri, habelə tarixi və fəlsəfi esseləri ehtiva etdiyini" bildirmişdi. Laureatın Nobel mühazirəsi yaradıcılığına həmahəng bir ruhda idi. Yensen nitqinin böyük bir hissəsini Alfred Nobelin və məşhur Danimarka təbiətşünası Karl Linneyin elmi fəaliyyətinin qiymətləndirilməsinə həsr etmişdi.
Yensenin çoxlu və müxtəlif əsərlər yazmasına baxmayaraq, onun yazıçı kimi Nobel mükafatına layiq görülməsini İsveç Akademiyasının növbəti təsadüfi seçimi hesab edənlər də var. Amerikan tənqidçisi Hamilton Basso bütünlükdə Yohannes Yensenin yaradıcılığını yüksək qiymətləndirsə də, onu aşağı liqadan yüksək liqaya keçirilmiş beysbolçu ilə müqayisə etmiş və Nobel mükafatı alsa da, əslində yüksək ədəbi liqada yerinin olmadığını göstərmişdi.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Aandens spor
- Bræen
- Danskere
- Den lange Rejse
- Digte 1906
- Einar Elkær
- Himmerlandshistorier
- Johannes Larsen
- Jordens Kreds
- Kongens Fald
- Myter I, II, III
- Mørkets Frodighed
- Norne-gæst
- Skibet
- Skovene
- Swift og Oehlenschlæger
- Tilblivelsen
- Ungt er endnu Ordet
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Johannes V. Jensen // Kunstindeks Danmark (dan.).
- ↑ 1 2 3 4 Йенсен Йоханнес Вильгельм // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- 20 yanvarda doğulanlar
- 1873-cü ildə doğulanlar
- 25 noyabrda vəfat edənlər
- 1950-ci ildə vəfat edənlər
- 77 yaşında vəfat edənlər
- Kopenhagendə vəfat edənlər
- Kopenhagen Universitetinin məzunları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Danimarka yazıçıları
- Danimarkalı yazıçılar
- Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
- Danimarkalı Nobel mükafatı laureatları